Ağarəhim Quliyev

Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali məktəbinin tələbəsi

Bakı şəhərində musiqiçi ailəsində dünyaya gələn və 9 yaşından fleytada ifa etməyə başlayan Ağarəhim Quliyev L. və M.Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbində təhsil alıb. İstedadının və musiqi sevgisinin nəticəsidir ki, hələ 9 yaşında ikən “İlin kəşfi” mükafatını qazanıb. Sonradan o, bir neçə yerli və beynəlxalq müsabiqəyə qatılıb. İtaliya Fleytaçılar Akademiyasının prezidenti Salvatore Lombardi onun sənətini ən yüksək mükafatla dəyərləndirib. Ağarəhim Estoniyanın Narva şəhərində -“Baltika ulduzları” IV Beynəlxalq musiqi müsabiqəsində ölkəmizi təmsil edərək birinci yeri qazanıb. 2012-ci ildə Bakıda İSESCO-nun, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə İslam dünyasının gənc klassik musiqi ifaçılarının birinci beynəlxalq müsabiqəsində “Qran Pri”yə, “Qızıl açarlar” beynəlxalq musiqi müsabiqəsinin fleyta aləti üzrə “Qızıl açar” mükafatına layiq görülüb.

2016-cı il ölkəmizdə “Multikulturalizm İli” çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Prezident təqaüdçülərinin konsertində onun uğurlu ifası alqışlarla qarşılanıb. Elə həmin ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülməklə adı gənc istedadların “Qızıl kitabı”na salınıb. 2018-ci ildə isə Gənclər üçün Prezident mükafatının verildiyi 6 gəncdən biri olub.

Kremlin Müqəddəs Georgi zalında polkovnik Orlovun dirijorluğu altında Rusiya Federasiyası Prezidentinin orkestrinin müşayiəti altında solo fleyta ilə çıxış edən ilk Azərbaycanlı musiqiçidir. O, həmçinin, 2017-ci ildə Nəsiminin yubiley tədbirləri zamanı UNESCO-nun Parisdəki mənzil-qərargahında solo ifa ilə çıxış edib.

Rusiyanın Samara şəhərində Yuri Başmet adına Musiqi Akademiyasında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, həmçinin, İtaliyada bir neçə il fleyta ifaçılığı üzrə təhsil alıb. Hazırda Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot Konservatoriyasının tələbəsidir.