Mustafa Mehmandarov

Mustafa Mehmandarov 1992-ci il iyunun 2-də Bakıda anadan olub. O, 1998-2009-cu illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində Orta İxtisas Musiqi Məktəb-Studiyada, mərhum professor Bayandur Mehdiyevin sinfində “skripka” aləti üzrə təhsil alıb və həmin məktəbin məzunudur. Daha sonra ixtisas müəllimi professor Zəhra Quliyeva olub.

Mustafa Mehmandarov skripkaçı kimi bir sıra beynəlxalq müsabiqələrin laureatıdır:

2007-ci ildə Bolqarıstanda keçirilən Beynəlxalq Müsabiqədə 2-ci yerə və “Laureat” adına layiq görülüb.

2011-ci ildə Lüksemburqda keçirilən Beynəlxalq Müsabiqədə “Qızıl” medala və “Laureat” adına layiq görülüb.

2012-ci ildə İtaliya və Avstriyada keçirilən Beynəlxalq Müsabiqədə “I”-ci yerə və “Laureat” adına layiq görülüb.

2013-cü ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “skripka” fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Dirijorluq üzrə ilk dərslərini görkəmli dirijor, Xalq artisti, professor Rauf Abdullayevdən almışdır. 2018-ci ildə Vyana Konservatoriyasının (Avstriya) “Opera-Simfonik Dirijorluğu” fakültəsini fərqlənmə diplomu ilə bitirən ilk Azərbaycanlı dirijor olub.

Mustafa Mehmandarov hal-hazırda  “Caspian Virtuosos” Orkestrinin təsisçisi, bədii rəhbəri və baş dirijoru, TÜRKSOY Kamera Orkestrinin qonaq-dirijoru və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijorudur. Tanınmış simfonik orkestrlərin iştirakı ilə ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Fransa, İtaliya, Slovakiya, Finlandiya, Türkiyə, Monteneqro, Makedoniya, Bosniya və Herseqovina, Sebiya və bu kimi ölkələrdə konsert proqramları ilə çıxış edib.

Mehmandarovun repertuarına Avropa, Rus klassikləri, həmçinin Azərbaycan bəstəkarlarının əsərləri daxildir.