Azər Kərimov

Fizika-riyaziyyat elmləri doktoru, Bilkənt Universitetinin professoru, Türkiyə Riyaziyyat olimpiadası komitəsinin sədri

Azər Kərimov 5 yanvar 1961-ci ildə Bakı şəhərində tanınmış şair Əli Kərimin ailəsində anadan olub. Orta təhsilini Moskvada Fizika-riyaziyyat məktəbində alıb. Daha sonra Moskva Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib.

Azər Kərimov 30 ilə yaxındır Türkiyədə yaşayır və fəaliyyət göstərir. Hazırda Bilkənt Universitetinin professoru, Türkiyə Riyaziyyat olimpiadası komitəsinin sədridir.

Uzun illərdir Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) dəstəklədiyi Türkiyə Olimpiadaları Komitəsinə rəhbərlik edən A.Kərimov burada məktəbli və tələbələr arasında riyaziyyat elminə maraq oyatmaq üçün bir sıra təşəbbüslərin müəllifidir. Onun 2001-ci ildən bəri hər ay işləyib hazırladığı və internetdə yerləşdirilən riyazi məsələləri  nəinki yerli, eləcə də bütün dünyadan olan riyaziyyat həvəskarlarının diqqətini cəlb edib. Azər Kərimov, eyni zamanda, Türkiyəni qarış-qarış gəzərək, məktəblilər və tələbələrlə görüşlər keçirir, onlarla riyaziyyat elminin sirlərini bölüşür, seminarlar verir.

Bu gün Türkiyənin elmi dairələrində Azər Kərimovun xidmətləri xüsusi vurğulanır, mütəmadi olaraq barəsində yazılar dərc edən türk mediası isə onu dünya riyaziyyat elminin “önəmli isimlərindən biri” adlandırır.