Azər Kərimov

Azər Kərimov 29 dekabr 1951-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub. 1953-cü ildə ermənilərin mənfur siyasəti nəticəsində doğma yurddan ailəsi ilə birlikdə Bərdə rayonuna köçməyə məcbur olmuşdur.

1968-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir.

1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə qəbul olmuş və 1973-cü ildə həmin institutun tikintinin iqtisadiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, təhsil aldığı İnstitutda müəllim vəzifəsinə dəvət olunmuşdur.  Moskvada aspiranturada təhsil aldıqdan sonra dissertasiya işini müdafiə edərək elmlər namizədi adını alıb. Və Bakıya qayıdaraq pedaqoji fəaliyyətini davam etdirib.

Səmərəli müəllimlik fəaliyyətinə görə Ümumittifaq Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi vəzifəsinə layiq görülüb. Moskvada elmi işinin nəticələrinin tətbiq olunması üzrə Elm texnika sahəsində Azərbaycan SSR Lenin Komsomolu mükafatına layiq görülüb. Qeyd edək ki, bu mükafata institutut müəllimi kimi layiq görülən yeganə ziyalıdır. Azər Kərimovun elmi işinin əhəmiyyəti hələ sovetlər dönəmində xaricilərin marağını cəlb edib və 1985-1987-ci illərdə Moskva şəhərində xarici dil kursu keçdikdən sonra 1987-ci ildə Azərbaycan SSR Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyinin təqdimatı ilə müsabiqədə 20 nəfər namizəd arasında qalib gələrək pedaqoji fəaliyyətini davam etdirmək üçün Çexoslovakiyaya göndərilib.

1994-cü ildə Slovakiyada doktorluq dissertasiyasını müdafiə etmişdir. Bundan altı ay müddətində pedaqoji və elmi fəaliyyətinə, nəşr etdirdiyi kitablara, metodiki göstərişlərə görə professor elmi adını almışdır. Hazırda Çexiya Universitetlərində dərs deyən yeganə azərbaycanlı müəllimdir.

1998-ci ildə Azər Kərimovun səyi və rəhbərliyi nəticəsində Maraviya Texniki Universitetinin nəzdində Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzi yaradılmışdır.

Burada çex, macar, rus, polyak, belarus, ukraynalı alimlər tədqiqat işləri aparır, elmi məqalələr yazır və problemləri birgə həll edirlər. Azər Kərimov geniş elmi və ictimai-siyasi fəaliyyətlə məşğul olub ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Altı dildə sərbəst danışır.

1990-cı ildən Çexiyanın qədim elm ocağı, 110 ildən artıq tarixi olan Maraviya Texniki Universitetində müəllim işləyir. Maraviya Təhsil Komitəsinin qərarı ilə Azər Kərimov Çexiya dövlət təhsil müəssisələri ilə MDB dövlətləri universitetlərinin əlaqəsini tənzimləyən koordinator-kuratordur. Azərbaycan–Çexiya münasibətlərindəki aktiv fəaliyyətinə görə Çexiya prezidentləri Vatslav Klaus, Miloş Zeman və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən minnətdarlıq məktubu almışdır.