Adil Məhəmmədəli oğlu Allahverdiyev

Elmlər doktoru, professor, Yıldız Teknik Universiteti, Biomühəndislik kafedrası (bölümü), Hüceyrə kulturası və toxuma mühəndisliyi laboratoriya müdiri

Allahverdiyev Adil Məhəmmədəli oğlu 1951-ci il martın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Culfa rayonunda müəllim ailəsində anadan olub. 1968-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) qəbul olub. 1974-cü ildə institutu əla qiymətlərlə başa vurması və aktiv ictimai fəaliyyətinə görə S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutuna həkim-baş laborant vəzifəsinə təyin edilib.

1975-1977-ci illərdə A.Allahverdiyev elə həmin institutda klinik ordinaturanı davam etdirib. Ordinaturanı bitirdikdən sonra hemoqlabin-enzimopatiya laboratoriyasında kiçik elmi işçi işləyib. 1978-1981-ci illərdə A.Allahverdiyev elmi-tədqiqat fəaliyyətini Moskvada, Tibb Elmləri Akademiyası nəzdində Y.İ.Marsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun məqsədli aspiranturasında davam etdirib, 1981-ci ildə aspiranturanı bitirib, tibb elmləri namizədi elmi dərəcəsini alıb.

1981-1983-cü illərdə S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb, Azərbaycanda malyariyanın qarşısının alınması üçün öz yeni metodunu tətbiq edib. 1983-1989-cu illərdə yenidən Moskvaya qayıdan A.Allahverdiyev elmi tədqiqatını davam etdirib və 1989-cu ildə doktorluq dissertasiyası müdafiə edib, tibb elmləri doktoru elmi dərəcəsini alıb.

Tədqiqatında ilk dəfə olaraq malyariya parazitlərinin eritrositar mərhələsinin daxilində “rest state” dinclik vəziyyəti aşkar edib. Bunun epidemiologiya və kimyəvi terapiyada mühüm əhəmiyyəti var.

1990-cı ildə Azərbaycan Mikrobiologiya, Epidemiologiya və Peşə Xəstəlikləri İnstitutunda (indiki V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu) “Hüceyrə kulturaları və krioprezervasiyalar” laboratoriyasının müdiri kimi öz işini davam etdirib. 1992-ci ildə beynəlxalq konqresdəki (İran, Tehran) çıxışından sonra A.Allahverdiyev Türkiyənin ən məşhur universitetlərindən biri olan Çukurova Universitetinin (Adana) tibb fakültəsinə dəvət edilib. Dəvətin əsas məqsədi Türkiyədə “P.falciparum” fasiləsiz kulturalarının və onun əsasında malyariya sahəsində yeni elmi nailiyyətlərin tətbiqi olub.

2006-cı ildə Türkiyənin qədim və məşhur universitetlərindən biri olan “Yıldız” (İstanbul) Texniki Universitetinin Biomühəndislik bölməsinə dəvət alıb və orada həmkarı və həyat yoldaşı, tibb elmləri namizədi Məlahət Bağırova ilə birgə “Hüceyrə kulturaları və toxuma mühəndisliyi” laboratoriyasını yaradıb. İstanbulda A.Allahverdiyevin rəhbərliyi altında dünyada ilk dəfə leyşmanioz əleyhinə polimerlərə əsaslanan yeni vaksin hazırlanıb.

A.Allahverdiyev müxtəlif beynəlxalq jurnallarda dərc edilən 180-dən çox elmi məqalənin, bir neçə ixtiranın, səmərələşdirici təkliflərin, Amerika və Avropada nəşr edilən kitabların müəllifi, 9 kitabın həmmüəllifidir. Onun rəhbərliyi altında 9 fəlsəfə doktoru işi (Ph.D), 10-dan çox magistr dissertasiya işi yerinə yetirilib.

Ümumdünya Səhiyyə Təşkilatının malyariyaya qarşı mübarizə proqramında (Kopenhagen, 2000) iştirakı ilə yanaşı, A.Allahverdiyev dünyanın məşhur tədqiqat mərkəzləri və universitetləri ilə birgə tədqiqatlar aparır. Bu sıraya Stony Brook Universiteti (ABŞ), Universitet de Barcelona (İspaniya), U.S. Army MRMC, The University of Health Sciences Chicago Medical School (ABŞ) daxildir.

A.Allahverdiyev müxtəlif ölkələrin (Amerika, Türkiyə, Rusiya və s.) elmi cəmiyyətlərinin, o cümlədən Türkiyə Parazitoloqlar Cəmiyyətinin fəxri üzvüdür. Eyni zamanda, o, müxtəlif elmi jurnalların idarə heyətinin və şurasının, SCI-ya daxil olan, Amerika və Avropada nəşr edilən yüksək impakt-faktorlu 6 jurnal redaksiyasının üzvüdür, 11 jurnalda ekspert kimi xidmət göstərir.