Şəhrizad Süleyman

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Universitetinin Beynəlxalq əlaqələr kafedrasının azərbaycanlı müəllimi, şərqşünas, tədqiqatçı, yazar

Şəhrizad Süleyman Bakı şəhərində ziyalı ailəsində anadan olub.  Atası Tofiq Süleymanov kimya üzrə professor, üzvi kimyadan bəhs edən xeyli sayda elmi-metodiki kitabların müəllifi, anası riyaziyyatçıdır.

Bakı şəhəri Yasamal rayonu 21 saylı orta məktəbdə təhsil alıb. 1994-cü ildə atası Tofiq Süleymana BƏƏ-nin Şarca əmirliyindən iş təklifi gəlib və bununla əlaqədar olaraq, 1994-cü ilin sonlarında Şəhrizad Süleymanın ailəsi Birləşmiş Ərəb Əmirliklərinə köçüb. BƏƏ-də təhsilini davam etdirən Şəhrizad Süleyman 1999-cu ildə Əl-İbda qızlar məktəb-mədrəsəsini müvəffəqiyyətlə bitirərək Əcmən Universitetinin “İctimai əlaqələr və media” fakültəsinə daxil olub. 2005-ci ildə ali təhsilini başa vurduqdan sonra bir müddət Təhsil Nazirliyində məsləhətçi vəzifəsində çalışıb. 2007-ci ildə Əl-Şarika televiziyasında “Ədəbi-dram verilişləri” redaksiyasında çalışmağa başlayıb. 2012-ci ildən Abu-Dabi Universitetində magistr təhsilini davam etdirib. 2012-ci ildən etibarən həmyerlimiz həmin Universitetin beynəlxalq əlaqələr kafedrasında çalışır, eyni zamanda Zəyid Universitetində ictimai əlaqələr ixtisası üzrə dərs deyir.

Klassik Şərq ədəbiyyatının məşhur ustadlarından bəhs edən xeyli sayda məqaləsi, araşdırması müxtəlif ərəb ölkələrinin elmi dərgilərində, ədəbi qəzet və jurnallarında çap olunub. Həmçinin, ərəb aləmində məşhur olan “Zahrat əl-Xəlic” dərgisində mütəmadi olaraq köşə yazıları işıq üzü görür.