Dr. Saada Süleyman

Birləşmiş  Ərəb Əmirlikləri  Səhiyyə Nazirliyində aparat rəhbəri

“BƏƏ Qadını” ali fəxri  tituluna layiq görülən azərbaycanlı həkim

         Dr. Saada Süleyman  Bakı şəhərində ziyalı ailəsində anadan olub.  Atası Tofiq  Süleymanov  kimya üzrə professor, üzvi kimyadan bəhs edən xeyli sayda elmi-metodiki kitabların müəllifi, anası riyaziyyatçıdır. Kiçik yaşlarınlarından ailəsi ilə bərabər  Birləşmiş Ərəb Əmirliklərində yaşayır. 1994-cü ildə atası Tofiq  Süleymana  BƏƏ-nin Şarca əmirliyindən iş təklifi gəlib və bununla əlaqədar olaraq, 1994-cü ilin sonlarında Dr. Saada Süleymanın ailəsi Birləşmiş Ərəb Əmirliklərinə köçüb. Dr. Saada  Süleyman “Əl-İbdah” qızlar mədrəsə-liseyini və BƏƏ Universitetinin “Tibb və sağlıq elmləri” fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan  sonra  Dubay  Beynəlxalq  Aeroportunda və Əbu-Dabi Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb. 2010-cu ildən isə BƏƏ Səhiyyə Nazirliyində işləyir. Hal-hazırda Nazirlikdə aparat rəhbəri vəzifəsində çalışır.   Dr. Saada Süleyman  “Ərəb Tibb Cəmiyyəti” və “Körfəz Ölkələri Qadın Təbibləri  Birliyi”nin üzvüdür. O, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfranslarda, tibbi simpoziumlarda elmi məruzələrlə çıxış edir. Dr. Saada Süleyman Birləşmiş Ərəb Əmirliklərində ictimai və iş fəaliyyətinə görə dəfələrlə ölkə rəhbərliyinin ən ali mükafatları və fəxri diplomları ilə təltif olunub. 2016-cı ildə Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Xəlifə bin Zayed ən-Nəhyanın əmri ilə “İlin ən fəal ictimai qadını” tituluna, 2017-ci ildə isə ölkə başçısının anası, “Umm əl-İmarat” adlandırılan Şeyxə Fatma bint Mübarəkin təsis etdiyi “Əl-mar-a İmaratiyə” – “BƏƏ Qadını” ali fəxri adına layiq görülüb. 12 iyun 2020-ci ildə COVID-19 infeksiyasına yoluxan xəstələrin müalicəsində göstərdiyi fədakarlığa görə Əbu-Dabi əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan tərəfindən təşəkkürnamə məktubu və fəxri mükafatla təltif olunub. Əbu-Dabi Əmirliyinin  vəliəhdi tərəfindən göndərilən təşəkkürnamə məktubunda Dr. Saada Süleymanın pandemiya dövründə  həkimlik fəaliyyəti yüksək qiymətləndirilib.