İTV-də EuroVision konsertinə baxdınız? Doyunca güldünüz? Yazıq Ruslana snequroçka kimi 4 dəfə elan olundu, amma çıxmadı ki, çıxmadı. Reklam, boş söhbətlər, dərin pauzalar və nəhayət 6 dəqiqə sonra konsert davam etdi. Efirə gedən söhbətlər isə lap mırt idi. “Ещё кричите”, “давай elan elə də”, “повторить повторить”, “ну что делать” sözlərini görəsən Avropaya canlı yayında necə tərcümə elədilər? Kameraların qabağında naməlum adamların gəzməsi, ekranın hərdən qaralması, mikrofonların exo verməsi isə xırda şeylərdir, heç fikir vermədik. Və ən bombası da bu qədər səhvdən sonra aparıcının “Necədir şoumuz, xoşunuza gəldi?” soruşması oldu. Sonra özü də güldü öz sözlərinə.
Dəvət olunan qonaqlara bir meşok pul verilməsinə baxmayaraq, fonoqrama ilə oxuyurdular. Bəs nə oldu Mədəniyyət Nazirliyinin sərəncamı? Fonoqrama ilə hələ bizim qonşumuz Tükəzban xala da oxuyar. Ukrayna Radasının deputatı Ruslana heç olmasa xeyli əziyyət çəkib əməlli-başlı şou göstərdi. Qrupu, səhnə geyimləri, hazırlanmış proqram ən azından səviyyəli idi. Sertab Erener isə təyyarədən hansı paltarda düşmüşdüsə, hələ o paltarla da səhnəyə çıxdı. Tək-tənha. Oxumağı və mahnılarına söz ola bilməz, əla idi, ancaq bizim Tükəzban xala da sapaşki ilə səhnəyə çıxıb ağzını açıb-bağlamağı bacarır. Mariya Şerifoviç səhnəyə qalstuk və krasovka ilə çıxa bilər, Tükəzban xalaya olmaz? Mətbuat konfransında EuroVision təmsilçisi jurnalistləri fit çalaraq sakitləşdirməsi isə Avropanın bizə qarşı tərzinin ən yaxşı nümayişidir. Bir də bizim jurnalistlərinin mədəniyyət səviyyəsinin. Jurnalist Zaxaryanın çıxışı isə məni lap mat qoydu. Nə isə.
Bizim iştirakçılar isə… Allah kömək etsin onlara. Əslində görünür ki həqiqətən yaxşı çalışıblar, istedadları da var, amma onlara ağsaqqallıq edənləri qəşəng çırpmaq lazımdır. Gül kimi uşaqları nə günə qoyublar.
Aynur İsgəndərliyə kim öyrədib o qədər qışqırmağı? Ona yaraşardı həzin, lirik bir mahnı. Səsi də var, görünüşü də buna uyğundur. Onun opanıb-düşmək biraz gülməli görünür axı. İlqar Muradov stilində slow vəya blues bir mahnı, sadə amma efektli bir aranjirovka və qız almaz kimi parıldayardı.
(Aynur İsgəndərlinin videosu)
Unformal (İTV-nin yazdığı kimi Anformal) qrupu… nə deyim, onlar qalib gəlməli idilər. Hər cəhətdən yaxşı idilər. Solist Delya və bas gitaraçı Fəridə favoritlərimdir. Təsüflər ki olmadı.
(Unformal qrupunun videosu)
Elnur Hüseynovu isə imijmeykerlər görünüş olaraq Türkiyənin Atina qrupunun solustinə, oxuma tərzinə görə isə Rusiyanın Dima Bilanına oxşadıblar. Ay balam, bu Elnurdur, öz stili var, Vitas kimi zilə çıxması çox vacibdir? Mahnısı isə Tatunun “Я сошла с ума” mahnısına yaman oxşayır. Görünüşü, tərzi orijinal olmasa da, azərbaycansayağı deyil, avropa zövqünə uyğundur. Bəlkə nəsə alındı. Ümid edirik ki alınar. İndi onun məqsədi EuroVision qalibi olmaq deyil (bu mümkün deyil), onun ən vacib vəzifəsi ermənilərdən daha yaxşı çıxış edib, daha yüksək yer tutmaqdır. Yoxsa gərək Azərbaycana qayıtmasın.
(Elnur Hüseynovun videosu)
P.S.
Deyirəm Aygun Bəylər ilə Samirənin yan-yana qoyardılar, göndərərdilər bu EuroVisiona – sökərdilər oraları, qazıyardılar səhnəni səsləri ilə, zalın divarlarını yıxardılar ifaları ilə, Avropanı mat qoyardılar.