Seymur Nəsirov

Seymur Nəsirov Rahim oğlu 1976-cı ildə Astara rayonunun Şüvi kəndində anadan olmuşdur. 1994-cü ildə A.İbrahimov adına Şüvi kənd orta məktəbini, 1998-ci ildə Bakı İslam Universitetini2002-ci ildə isə Əl-Əzhər Universitetinin İslamşünaslıq və Ərəb dili fakültəsini bitirmişdir. 2006-cı ildə Misir Fətva İdarəsində dörd il təhsil aldıqdan sonra, keçmiş SSRİ ölkələri arasında ilk dəfə fətva vermək icazəsini qazanmışdır. 2011-ci ildə Qahirədə Açıq Amerika Universitetində Ərəb dili və ədəbiyyatı ixtisası üzrə magistratura təhsilini fərqlənmə ilə başa vurmuşdur. Magistr dissertasiya işi Azərbaycanda ərəb dili və ədəbiyyatının öyrənilmə tarixinin tədqiqi olmuşdur.

2020-ci ildə Qahirədə Açıq Amerika Universitetində Ərəb dili və ədəbiyyatı ixtisası üzrə dokturluq təhsilini fərqlənmə ilə başa vurmuşdur. Tədqiqat mövzusu “Ərəb elminə xidmətdə azərbaycanlı alimlərin səyləri” olmuşdur. S. Nəsirovun elmi işinə, Əl-Əzhər Universitetindən dəvət olunmuş böyük alimlər rəhbərlik etmişdir.

2003-cü ildən xarici ölkələrdən Misirdə təhsil almaq üçün gələn tələbələrə rəhbərlik edir. 2007-ci ildə “İrsi canlandırma və yerli inkişaf üzrə Halqa Fondunun təsisçilərindən biri və baş direktorudur. 2008-ci ildən “Qavafil əl-Xeyr və əl-Əməl” xeyriyyə cəmiyyətində xarici tələbələrin işi üzrə baş rəhbərdir. 2011-ci ildən, Misir əl-Xeyr fondunun xarici tələbələrin işi üzrə baş rəhbəridir. 2017-ci ildən, Qahirə Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dili müəllimidir. 2017-ci ildə, təsis etdiyi “Vətənpərvər”- Azərbaycaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri olub. 2019-ci ildə, təşəbbüskarı və təsisçilərindən biri olduğu “Misir-Azərbaycan Dostluq Cəmiyyətinin” sədridir.

S. Nəsirovun Azərbaycan mədəniyyətinə gətirdiyi əsas töhfələrdən biri Qurani-Kərimdə “Azərbaycan” sözünün və Bakı neftinin yer aldığını elmi əsaslarla sübut etməsidir. Nizami Gəncəvinin Azərbaycanın Gəncə şəhərindən olduğunu göstərən dəlilləri də ərəb mənbələrində ilk araşdıran məhz Seymur Nəsirov olub. Həmçinin, o, Xəmsənin 6 əlyazma nüsxəsini Misir kitabxanalarında aşkarlamışdır. Orta şərqi, O cümlədən Tunisdən Yəmənə qədər böyük bir ərazini işğaldan azad edən və bir neçə əsr sultanı olmuş Əyyubilərin əslən azərbaycanlı olduğunu da ərəb mənbələrində üzə çıxarmış və ermənilərin Əyyubilərin özlərinə nisbət edib yazdıqları məqalələrdəki istinad etdikləri 10 cildlərlə ensiklopedik mənbələri yenidən araşdıraraq, onların yalanını ifşa etmişdir.

Bundan başqa, tədqiqatçı dəfələrlə konfrans, simpozium və forumlarda bu mövzularda mühazirələr etmişdir. Bunlara 2011-ci ildə Misirin Aynu-şəms Universitetinin Ədəbiyyat fakültəsində “Azərbaycanla Misir arasında tarixi əlaqələr” mövzusunda keçirilən konfransı, 2011-ci ildə Qahirə Universitetinin Ədəbiyyat fakültəsində təşkil olunmuş “Azərbaycanı tanı” mövzulu simpoziumu, 2012-ci ildə Əzhər Universitetində “Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi: nailiyyətlər və perspektivlər” və 2014-cü ildə Qahirə Universitetinin Siyasi elmlər və İqtisadiyyat fakültəsində “Azərbaycanın bu günü və gələcəyi” konfransı, 2017-ci il Ərəb Ölkələri Liqası, UNESCO və Əl-Əzhər Universiteti ilə birgə təşkil etdiyi “Radikalizmlə birgə mübarizə və dialoqun gücləndirilməsi” beynəlxalq forumu misal göstərmək olar.

20162017-ci illərdə Qahirə Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dilinin tədrisinə başlayıb. 20162020-ci illərdə 500 dən çox misirli tələbəyə Azərbaycan dilini tədris etmişdir. Hər il yüzdən çox tələbəyə Azərbaycan dilini tədris edib. 2020–ci ildə Qahirə Universitetinin Ədəbiyyat fakültəsində tədris etdiyi tələbələrdən birinə elmi rəhbərbər təyin olunmuşdur. Hədəfi misirlilər arasında Azərbaycan dilini tədris edə bilən mütəxəssislər yetişdirməkdir. 2014-cü ildə təsis etdiyi Azərbaycan diasporu mərkəzində, Azərbaycan dili ilə yanaşı müxtəlif fənnlər tədris olunur. Hal-hazırda dünyanın müxtəlif ölkələrindən yüzlərlə tələbə, aralarında azərbaycanlılar da olmaqla ödənişsiz təhsil alır.

Seymur Nəsirov 1998-ci ildən bəri ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar haqqında könüllü tədqiqat aparır. Bu müddətdə yüzlərlə əslən azərbaycanlı olan alimlərin əlyazmalarını Misir kitabxanalarında üzə çıxarmağa müvəffəq olmuşdur. Onun bu araşdırmalarından ərsəyə gəlmiş, “Ərəb mənbələrində azərbaycanlıların həyat və yaradıcılıqları” adlı ilk əsəri çap edildikdən sonra Misirin tanınmış universitetlərində təqdimatı keçirilmişdir. Onun ilk kitabında yüz azərbaycanlı alim və ədiblər haqqında yazmışdır. Təlif etdiyi ikinci kitabında isə yüz əlli azərbaycanlı alim haqqında yazmışdır. Seymur Nəsirovun bu mövzuda, müxtəlif qəzetlərdə, elmi və publisistik jurnallarda, ərəb və Azərbaycan dillərində çoxsaylı məqalələri dərc olunmuşdur.

Azərbaycan həqiqətlərini mütəmadi olaraq Misirdə tanıdır. Seymur Nəsirov sadəcə Misirdə Azərbaycanı təbliğ etmir o, 2003-cü ildən bəri dünyanın 50 dən çox ölkədən Misirə təhsil almaq üçün gələn, 1000 dən çox tələbələrə rəhbərlik edir və onlar vasitəsi ilə də Azərbaycan həqiqətlərini dünyada təbliğ edir.

2017-ci ilin aprel ayında MƏR-dəki Azərbaycan səfirliyinə, ümumi Misir Azərbaycanlıların diaspor sədri seçmək üçün toplanan azərbaycanlılar, Seymur Nəsirovu yekdilliklə ümumi Misir Azərbaycan diasporunun sədri seçiblər.

2017-ci ilin may ayının 10-da, “Vətənpərvər”- Azərbaycaycanın Misirdə Diaspor Təşkilatları Birliyini yaratmışdır. O, azərbaycanlılarla mütəmadi əlaqə saxlayır, vaxtaşırı iclas keçirir və lazimi dəstək verir. 2017-ci ilin may və iyul aylarında Qahirə və Aynu-şəms Universitetlərində təhsil alan tələbələr arasında “Mən Azərbaycan haqqında nə bilirəm” səfirliklə bir yerdə iki müsabiqə keçirmişdir.

2019-ci ilin sentiyabr ayının 29-u, onun təşəbbüsü ilə, Azərbaycana yaxın olan böyük nüfuza malik olan, Misirdə və dünya tanınmış misirlilərlə birgə, Misir-Azərbaycan Dostluq Cəmiyyətini təsis etmişdir. Təsisçilərin yekdil rəyi ilə cəmiyyətin sədri seçilmişdir.

Seymur Nəsirov 10 –dan çox elmi məqalənin müəllifidir

  • “Ərəb dilinin yayılmasında Azərbaycanın töhfələri” sərlövhəli elmi məqalə. Qahirə Universiteti Ədəbiyyat fakültəsinin elmi jurnalı. Avqust 2020. (ərəbcə)
  • “Misirdə Azərbaycan dahilərinin rolu” sərlövhəli məqalə. Misir Ərəb Respublikasının siyasi və diplomatik çevrəsində tanınan nüfuzlu “Diplomatiya” qəzetində. May 2017. (ərəbcə)
  • Ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar. Bakı Dövlət Universitetinin Dil və Ədəbiyyat fakültəsinin beynəlxalq elmi-nəzəri jurnalı, Bakı, 2015. (azərbaycanca)
  • Ərəb dilinə xidmətdə azərbaycanlı alimlərin rolu. İrs jurnalı, yay-1. 2015. (ərəbcə)
  • Nizami Gəncəvi  ərəb mənbələrində. İRS jurnalı, qış-2, 2014; AzərTac, 28.01.2015;. Xalq qəzeti, 15.03.2015. (azərbaycanca)
  • Azərbaycan və azərbaycanlılar ərəb mənbələrində. Xalq qəzeti, 04.09.2014. (azərbaycanca)
  • Misirlə Azərbaycan arasında tarixi əlaqələr. Əzhər Universitetinin  Dillər  və tərcümə fakültəsinin beynəlxalq elmi jurnalı, 7-ci buraxılış 2014. (ərəbcə) Misir və Azərbaycan arasında tarixi əlaqələr. EgAz jurnalı İskəndəriyyə, oktyabr- dekabr 2013. (ərəbcə)  
  • Ərəb mənbələrində bizə dair çox şey var. Ayna qəzeti, 03.03.2012. (azərbaycanca)
  • Ərəblərdə azərbaycanlıların yeri. İrs jurnalı, bahar-yay 1, 2012. (ərəbcə)  
  • Ərəb dilinin inkişafında Azərbaycanın rolu. MƏR-dəki Azərbaycan Səfirliyi nəzdində çap olunmuş Azərbaycan qəzeti, 2008. (ərəbcə)
  • Azərbaycanda Qurban bayramı. MƏR-dəki Azərbaycan Səfirliyi nəzdində çap olunmuş Azərbaycan qəzeti, 2-ci buraxılış 2007. (ərəbcə)
  • Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2017-ci il 28 dekabr tarixli sərancamı ilə  xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuş;
  • Misirlə Azərbaycan arasında mədəni və elmi əlaqələrin inkişafında göstərdiyi müstəsna xidmətlərinə görə, 2018-ci il 18 iyul tarixində “Misir Təhsil Nazirliyinin medalı” ilə təltif olunmuş;
  • 2019-cü ildə Misirdə yaşayan Özbəkistan diasporuna verdiyi dəstəyə görə, Özbəkistanın Misirdəki səfirliyi tərəfindən mükafatlandırılmış;
  • 2019-cü ildə Misirlə Azərbaycan arasında əlaqələrin inkişafında göstərdiyi müstəsna xidmətlərinə görə, Misirdə Seyyidlərin həmkarlar ittifaqı tərəfindən mükafatlandırılmışdır.
  • 2020-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *