Hacıyeva Çeşmə Sabir qızı

01 avqust 1959-cu ildə Ermənistan SSR, Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olub. S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), Biologiya fakültəsini bitirib. Hal-hazırda Rusiyada yaşayır. İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Histologiya, sitologiya və embriologiya kafedrasında çalışır. Elmi sahəsi: Biologiya elmləri.

Əsas elmi nailiyyətləri: Biologiya üzrə fəlsəfə doktoru (1990); Biologiya üzrə elmlər doktoru (2006); 70-ə yaxın elmi iş, 5 dərs vəsaitinin müəllifi və həmmüəllifidir. Dövlət Dumasında akkreditə olmuş parlament müxbirləri arasında iki dəfə jurnalist işləri müsabiqəsinin laureatı; “Təbii resurslar” beynəlxalq informasiya agentliyi və Rusiya federal ekoloji informasiya agentliyinin “Qızıl qələm” müsabiqəsinin qalibi; Rusiyanın “Rusiya tarixinə qayğıkeş münasibətə və əsərlərində ifadə olunan tarixi gerçəkliyə görə” milli mükafatı; “Dünyanın xeyirxah insanları” ictimai xeyriyyə hərəkatının “Yer kürəsində həyat naminə” medalına layiq görülüb (2009).

Azərbaycan Elmlər Akademiyası (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Zoologiya İnstitutunda çalışıb (1982-1983); SSRİ İctimai Ekspertiza Komitəsində aparıcı ekspert (1990-1991), SSRİ Ali Sovetinin Çernobıl komissiyasında ekspert qrupu sədrinin köməkçisi olub; Rusiya Tibb Elmləri Akademiyasının “Tibb muzeyi” Elmi-Tədqiqat Mərkəzinin əvvəlcə elmi redaktoru, sonra isə böyük elmi işçisi vəzifəsində çalışıb; “Spaseniye” ekoloji qəzetinin ştatdankənar müxbiri olub (1991-1995), elmi şərhçisi (1995-1996) və qəzetin baş redaktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışıb (indiyədək); Rusiya  Dövlət Tibb Universitetində (indiki N.İ. Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universiteti) fəaliyyət göstərib (1996-1999); Rusiya Jurnalistlər İttifaqına qəbul edilib (1998), sonradan Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, “Prostranstvo i vremya” elmi-analitik və təhsil jurnalının redaksiya kollegiyasının üzvü, “Obşestvo i ekologiya” qəzetinin elmi icmalçısı, həmçinin Rusiya Elmlər Akademiyasının Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü olub; Kosmik biologiya və aviakosmik təbabət üzrə beynəlxalq konfrans, “İnterastma” beynəlxalq konqresi, Rusiya pediatrları konqresi, tibbi və yeni informasiya texnologiyaları konfransı, toksikoloqların qurultayı və digər elmi tədbirlərin işində mütəmadi iştirak edir; Rusiya Jurnalistlər Cəmiyyətinin fəal üzvüdür; İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Histologiya, sitologiya və embriologiya kafedrasının böyük elmi işçisidir (2000-ci ildən); RF Federal Məclisi Dövlət Dumasının parlament müxbiri kimi çoxsaylı müsahibə, məqalə və reportajların müəllifidir.

(Visited 6 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .