Məmmədov Mahir Cəfər oğlu

01 may 1958-ci ildə Azərbaycan Respublikasının Qubadlı rayonunda anadan olub. 1980-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini bitirib. Hal-hazırda Rusiyada yaşayır. M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) A.N. Belozerski adına Elmi-Tədqiqat Fiziki-Kimyəvi Biologiya İnstitutunda çalışır. Elmi sahəsi: Biologiya elmləri. “Biokimya” ixtisası üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1987); MDU-nun Biologiya fakültəsində “Biokimya” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib (1995); 110-dan çox elmi məqalə, 1 kitab, 1 patentin müəllifi və ya həmmüəllifidir; Əsərlərinə “Web of Science” bazasında 852 dəfə, “Scopus” bazasında 778 dəfə istinad olunub. Rusiya Federasiyası Prezidentinin qrantını alıb (1996-1998); 2006-cı ildə “Fotosintezdə elektrogen reaksiyalar” mövzusunda silsilə işlərə görə MDU-nun alimlərinə dəstək üçün qrantlar müsabiqəsinin qalibi olub. Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun fotosintezin biofizikası laboratoriyasında elmi işçi vəzifəsində çalışıb (1980-1983); MDU-nun A.N. Belozerski adına fakültələrarası problem laboratoriyasının Bioenergetika şöbəsində işə başlayıb (1987); MDU-nun Biologiya fakültəsinin doktorantı olub, eyni zamanda Yaponiyanın Milli Ümumi Biologiya İnstitutunda (Okazaki) işləyib (1991-1993); ABŞ-ın “Frontiers in Bioscience” jurnalının biologiya Bölməsinin redaktoru (1996-cı ildən); ABŞ-ın “The Scientific World Journal”  jurnalının redaksiya heyətinin üzvü (2011-ci ildən); Ümumrusiya Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin üzvü (1996-cı ildən); Ümumrusiya Fotobioloqlar Cəmiyyətinin vitse-prezidenti (2008-ci ildən); Rəhbərliyi ilə 7 fəlsəfə doktoru hazırlanıb; Professor R.Ə. Həsənovun laboratoriyasının (AMEA-nın Botanika İnstitutu) əməkdaşları, Açıq Berlin Universitetinin Fizika kafedrasının professoru K. Möbius və Bolonya Universitetinin Biotexnologiya kafedrasının professoru S. Ciurli ilə birlikdə Avropa Birliyinin proqramlarından birinin Yeni Müstəqil Dövlətlərin Alimləri ilə Əməkdaşlığa dair Beynəlxalq Assosiasiyanın (INTAS) üç il müddətinə qrantını qazanıb (2004); Dəfələrlə Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin nəzdində fəlsəfə və elmlər doktorluğu dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış şuraların üzvü kimi dəvət edilib (1996-cı ildən); Adı Rusiyanın 100 gənc elmlər doktoru siyahısına daxil edilib (1996); 1993-cü ildən MDU-nun A.N. Belozerski adına Elmi-Tədqiqat Fiziki-Kimyəvi Biologiya İnstitutunun aparıcı elmi işçisidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *