Mirzəyev Dilican Allahverdi oğlu

27 dekabr 1940-cı ildə Ermənistan SSR, İcevan rayonunun Salah kəndində anadan olub. Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Hidrotexnika fakültəsini bitirib. Hal-hazırda Rusiyada yaşayır. İ.M. Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin (RDNQU) Dəniz neft-qaz yataqları kafedrasında çalışır. Elmi sahəsi: Yer elmləri. “Qeyri-müntəzəm dalğaların silindrik dayaqlar üzərində yerləşən dərin dəniz qurğularına təsirinin tədqiqi” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1972); “Donan dənizlərin dayaz şelfində neft-qaz ehtiyatlarının işlənməsi üçün hidrotexnoloji qurğular” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib (1995); RDNQU-nun Dəniz neft-qaz yataqları kafedrasının professoru; 46 müəlliflik şəhadətnaməsi, 300-dən çox elmi iş, 20 broşür, o cümlədən 5 monoqrafiya və 3 kitabçanın müəllifidir. “Qazprom” ASC-nin mükafatı (2006); Beynəlxalq Yanacaq-Energetika Assosiasiyasının N.K.Baybakov adına mükafatı (2005); Rusiya Federasiyası Hökumətinin elm və texnika sahəsində mükafatı (2008); “Əmək veteranı” medalı; “Moskvanın 850 illiyi” xatirə medalı; Qaz sənayesinin fəxri işçisi (2000); “Qaz sənayesi əlaçısı” nişanı; Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl və gümüş medalları ilə təltif edilib. Ümumittifaq Elmi-Tədqiqat Layihə Qaz İnstitutunda (ÜETLQİ) qaz sənayesi sistemində ilk dəfə yaradılan “Dəniz qaz-mədən işi” laboratoriyasına rəhbərlik edib (1973-1977); Ümumittifaq Dənizneftqaz Elmi-Tədqiqat və Layihə İnstitutunda dəniz qaz-mədən işi şöbəsinin rəisi (1978). Şöbə SSRİ Nazirlər Sovetinin qərarı ilə 1978-ci ildə yaradılan “Soyuztexmornefteqaz”ın təcrübi-konstruktor-texnoloji bürosunun (TKTB) tərkibinə keçirildikdən sonra TKTB-nin baş konstruktorunun müavini vəzifəsinə təyin edilir; Ümumittifaq Dənizneftqaz Elmi-Tədqiqat və Layihə İnstitutu, elmi işlər üzrə direktor müavini (1982); ÜETLQİ-də şöbə rəisi (1998); “Dəniz neft-qaz yataqları” mərkəzinin direktoru (2003-cü ildən); Rusiya neft-qaz sənayesinin dəniz neft-qaz yataqlarının mənimsənilməsi üçün texniki vasitə və texnologiyaların yaradılması sahəsində aparıcı alim və mütəxəssislərdən biridir; Rusiya şelfinə uyğun layihələndirilən buzadavamlı platformaların müxtəlif konstruksiyalarını işləyib hazırlayıb; Saxalin adası şelfində “Saxalin-1” və “Saxalin-2”, Peçora dənizində “Приразломное” və Barens dənizində “Штокмановское” layihələrinin işlənib hazırlanmasının iştirakçısı, habelə “Cənubi Pars” (Fars körfəzi, İran) beynəlxalq layihəsinin rəhbəridir; “Qazprom” Rusiya Səhmdar Cəmiyyətinin tək illərdə Sankt-Peterburqda keçirilən “Arktika dənizləri şelfinin mənimsənilməsi” beynəlxalq konfransının İcraiyyə Komitəsinin sədri və təşkilat komitəsinin üzvüdür (1993-cü ildən); Rusiyanın Beynəlxalq Standartlaşdırma Komitəsinin (ISO) “Arktika qurğularının layihələndirilməsi” layihəsindəki nümayəndəsidir; «Газпром ВНИИГАЗ» MMC-nin Dənizdəki karbohidrogen yataqlarının kəşfinin texnika və texnologiyası bölməsinin rəhbəridir; V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunda SSRİ neft sənayesi nazirinin birinci müavini işləyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *