Məmmədov Tərlan Həzarpaşa oğlu

2 may 1958-ci ildə Azərbaycan Respublikasının Dəvəçi (indiki Şabran) rayonunda anadan olub. S.M. Kirov adına Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. Hal-hazırda Türkiyədə yaşayır. Akdeniz Universitetinin Kənd təsərrüfatı, Biotexnologiya şöbəsində çalışır. Elmi sahəsi: Biologiya elmləri. İlk dəfə olaraq bitki sistemi daxil olmaqla eukariotik sistemlərdə qlükansız zülal sintezini təmin edən ekspressiya sistemi texnologiyası işlənilib hazırlanmışdır. Bu texnologiya çox mühüm va çətin ekspressiya olunan mürəkkəb zülal antigenlərin, vaksinlərin və terapevtik zülalların yüksək aktivliklə sintez edilməsinə imkan yaratmışdır; İlk dəfə olaraq karbon qazı fiksasiya edən yaşıl yosun orqanizmlərində 1,4 qalaktoza ilə birləşmiş sialik turşu qalığından ibarət qlüko-zülalların mövcudluğu kəşf edilmişdir; Fototənəffüsün əsas fermenti olan fosfo qlikolatfosfataza fermenti ilk dəfə olaraq eukariotik orqanizmdən təmiz halda alınmış və bu da fermentin gen quruluşunu ilk dəfə açmağa və başqa orqanizmlərdə, o cümlədən insanda müəyyən etməyə imkan vermişdir; Reinhardtii yaşıl yosununda C4 fotosintezin açar fermenti olan PEP-karboksilazanın yeni genləri və katalitik subvahidləri aşkar edilmişdir; Dünyada ən sürətli sintetik gen sintez edən biotexnologiya işlənilib hazırlamışdır; İlk dəfə olaraq yüksək quanizin/sitozin tərkibli DNT-lərin müvəffəqiyyətli amplifikasiyası üçün annealing vaxtın mühümlüyünü müəyyən etmişdir; İlk dəfə olaraq karboanhidraza fermenti Cicer arietinum bitkisindən təmizlənərək xarakterizə olunmuş, kristal şəkildə alınaraq elektron mikroskop ilə tədqiq edilmiş və fermentin oktamer quruluşa malik olması sübut edilmişdir. Yaponiya Elm və Texnologiya Agentliyi (STA) mükafatı (1998); Yaponiya Elm və Texnologiya Agentliyi (STA) mükafatı (1999); 2001-ci ildə Yaponiya Beynəlxalq Kənd Təsərrüfatı Mərkəzi (JIRCAS) mükafatına layiq görülüb. Nebraska-Lincoln Universiteti, ABŞ, professor (2002-2009); Akdeniz Universiteti, Türkiyə, professor (2014); Amerika Genetika Cəmiyyətinin üzvü; Yaponiya bitki fizioloqları cəmiyyətinin üzvü; Amerika bitki bioloqları cəmiyyətinin üzvü; Türkiyə biokimya cəmiyyətinin üzvü; AMEA-nın müxbir üzvüdür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *