Sadıxov Rauf Xosrov oğlu

21 oktyabr 1944-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub, 15 mart 2015-ci ildə vəfat edib. Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Avtomatika və kompüter mühəndisliyi fakültəsini bitirib. Elmi sahəsi: Riyaziyyat. Texnika üzrə fəlsəfə doktoru (1975); Texnika üzrə elmlər doktoru (1991); Professor (1992); üç yüz altmış elmi iş, o cümlədən doxsan doqquz məqalə və üç monoqrafiyası dərc edilmişdir. səksən müəllif şəhadətnaməsi, bir patent, on beş preprint müəllifi olmuş, beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və müşavirələrdə yüz altmış məruzə ilə çıxış etmişdir; Siqnalların rəqəmsal işlənməsi, obrazların tanınması və təsvirlərin işlənməsi, sistemlərin identifikasiyası, rəqəmsal siqnalların işlənməsi və təsvirlər üçün paralel arxitekturu, süni intellekt sistemləri istiqamətlərində tədqiqatlar aparmışdır; Təsvirlərin emalı və tanınması, obrazların identifikasiyası, informasiyanın qorunması, hesablama sistemlərinin paralel arxitekturunun modelləşdirilməsində kompüter sistemlərinin yaradılması sahəsində tanınmış mütəxəssis olub. Belarus Respublikasının Prezident təqaüdü (2000); Belarus MEA-nın (2004), Belarus AAK-ın (2004), Belarus Respublikası Təhsil Nazirliyinin (2004) fəxri fərmanları ilə təltif edilmişdir; 2002-ci ildə “Stoxastik məlumatlar və rəqəmsal təsvirlərin tanınması və analizi” işinə görə Belarus dövlət mükafatı laureatıdır. Azərbaycan Dövlət Sənaye Müəssisələrinin Layihələndirilməsi İnstitutu, mühəndis-proqramçı, böyük mühəndis-proqramçı (1970); Azərbaycan Elmlər Akademiyasının (EA) (indiki Azərbaycan Milli Elmlər Akademiyasının) Kibernetika İnstitutunun (indiki İdarəetmə Sistemləri İnstitutu) aspiranturası (1970) və Belarus EA-nın aspiranturasına ezam edilmişdir (1971); Вelarus EA-nın Texniki Kibernetika İnstitutunda kiçik elmi işçi (1972-1975), böyük elmi işçi (1976-1985), aparıcı elmi işçi (1986-1991), baş elmi işçi (1992-1993), identifikasiya sistemi laboratoriyasının müdiri olmuşdur (1994-2015); Belarus Dövlət İnformatika və Radioelektronika Universitetində Elektron hesablama maşınları kafedrasının müdiri olmuşdur (1995-2015); Sədrliyi ilə universitetdə “Obrazların tanınması və təsvirlərin emalı” 5-ci beynəlxalq konfrans keçirilib. Konfransda dünyanın on beş ölkəsindən alim iştirak edib (1999); Belarus Respublikasında Obrazların Tanınması və Təsvirlərin Emalı Beynəlxalq Assosiasiyasının vitse-prezidenti olmuşdur (1996-2015); Beynəlxalq Elektrik Mühəndisləri İnstitutunun (IEE, İngiltərə, London) üzvü olmuşdur (1997-2015); Belarus Respublikası Ali Attestasiya Komissiyasının Kompüter Elmləri üzrə Ekspert Şurası sədrinin müavini olmuşdur (2001-2015); Doktorluq dissertasiyaları müdafiə şuralarının (Belarus EA İnformasiya Problemləri Birləşmiş İnstitutu, Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti), Belarus Respublikası Fundamental Tədqiqatlar Fondunun Ekspert Şurasının, “Доклады БГУИР” jurnalının redaksiya şurasının üzvü olmuşdur; “Rəqəmsal siqnalların işlənməsi və təsvirlər, obrazların tanınması, sistemlərin identifikasiyası, rəqəmsal siqnalların işlənməsi və təsvirlər üçün paralel arxitekturalar, süni intellekt sistemləri” Elmi Məktəbinin Elektron hesablama maşınları kafedrasının professoru olmuşdur; “Məkanın üçölçülü vibrasiyalarının emalı sistemi” mövzusunda tədqiqatının elmi nəticələri Minsk avtomobil zavodunda tətbiq edilmişdir; “Hidrohəcmli ötürülmə və transmissiyanın emalının rəqəmsal sistemi” mövzusunda tədqiqatının elmi nəticələri Minsk traktor zavodunda tətbiq edilmişdir; üç elmlər doktoru və on üç fəlsəfə doktoru hazırlamışdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *